Forum
Sayta bütün texniki və humanitar sahələr üzrə hər kəs üzv ola bilər; üzvlərin statusuna məhdudiyyət yoxdur. Sayt tələbələrə, karyerasının başlanğıcında olanlara, ekspertlərə, dilçilərə, bir sözlə hər kəsə açıqdır. Hər kəs öz məlumatı daxilində layihəyə kömək edə bilər, adi səsvermələrdə müsbət və ya mənfi butonuna klik etmək belə kömək olacaqdır.
Forumdakı müzakirələrdə iştirak etmək üçün əvvəlcə saytda qeydiyyatdan keçmək lazımdır. Üzvlər arasından hər bölməyə sahə üzrə ekspert olan 1-4 nəfər moderator təyin olunur. İstifadəçilər şərh yaza, tərcümələrə müsbət/mənfi səs verə bilərlər; adminlər bunlardan əlavə olaraq müzakirə bitdikdən sonra ən uyğun gördükləri versiyanı təsdiq etmək hüququna malikdirlər. Moderator olmaq üçün CV-nizi moderatoru olmaq istədiyiniz sahəni qeyd etməklə info@proloq.org ünvanına göndərməyiniz xahiş olunur. Administrator heyəti müzakirə etdikdən sonra sizə nəticəni bildirəcəklər. Təsdiq edildikdə sizə admin hüququ veriləcək.
Əgər forum siyahısında təklif etdiyiniz mövzu yoxdursa info@proloq.org ünvanına yazmağınız xahiş olunur. Mövzu administratorlar tərəfindən əlavə olunacaqdır.
Mövzular üzrə yeni terminlər əlavə etmək istədikdə info@proloq.org ünvanına Excel formatda göndərməyiniz xahiş olunur. Sözləri seçərkən onların “glossary” formasında olmasına diqqət etmək lazımdır. Demək olar ki, bütün sahələr üzrə terminlərin siyahısı olan “glossary”lər var. Məsələn Sənaye Mühəndisliyinin “Əməliyyatların Tədqiqi” bölməsinə aid terminləri Sənaye Mühəndisliyi İnstitutunun (IISE) rəsmi saytında verilmişdir (https://www.iise.org/Details.aspx?id=1578). Excel faylda ilk sütunda terminin ingiliscəsi, ikinci sütunda isə təklif etdiyiniz azərbaycanca tərcümələri yaza bilərsiniz. Tək-tək göndərmək əvəzinə toplayıb bir siyahı formasında göndərmək daha səmərəlidir. Yeni söz təklif etməmişdən Proloqda axtarışa verib yoxlamağınız xahiş olunur; bəlkə eyni söz başqa başlıq altında artıq təklif olunub.
Hər başlıq üzrə maksimum 200 söz olması optimal sayılır. Söz sayı bundan çox olduqda forumda müzakirələrin səmərəliliyi azalır və bir çox hallarda insanlar söz siyahısının sonuna çatmadan çıxırlar. Belə ki, məsələn, kimya üzrə 400 söz varsa onu iki alt başlığa bölmək daha uyğundur: üzvi kimya və qeyri-üzvi kimya kimi.
Forumda müzakirələrdə nəzakət qaydalarına riayət etməyiniz xahiş olunur. Polemikalar arzu edilmir, fikir ayrılıqları olduqda hər iki tərəf elmi arqumentlərini gətirir. Son qərarı isə bölməyə məsul ekspert verir. Bəzi hallarda bir deyil, iki tərcümə də nəşr oluna bilər.
Bildirişlər e-poçt adresinə göndərilmir, əvəzində forumda yuxarıda zəng işarəsinə () klik edərək sizə verilən cavabları və digər bildirişləri görə bilərsiniz.
Forumda hələ açmadığınız sözlər qalın (bold) şriftdə olur, baxdıqlarınız isə normal şriftdə. Forumda naviqasiya üçün aşağıdakı “Növbəti” və “Öncəki” düymələrindən istifadə edə bilərsiniz. Forumların ümumi məntiqinə uyğun olaraq ən son reaksiya verilən (şərh, səsvermə) söz siyahının ən əvvəlində görünür.
Forumdakı yazışmalarda digər üzvləri etiketləmək mümkündür. Bunu edərkən “@” işarəsi qoyub istifadəçinin adını yazmaq kifayətdir (@yashar_ahmadov kimi). Cavabınızı bitirdikdən sonra təsdiq düyməsinə basırsınız, eyni vaxtda etiketlədiyiniz istifadəçinin adı da linkə çevrilir. Yəni yazan anda sadə yazı kimi görünür, cavab nəşr olduqdan sonra linkə çevrilir və etiketlənən istifadəçiyə bildiriş gedir.
Forumda müzakirədə olan terminlərə azərbaycanca izah əlavə etmək istədikdə Forumda şərh kimi yazmağınız xahiş olunur. Söz təsdiqlənib nəşr edildikdən sonra izahınız sayta əlavə olunacaqdır.
Sözlər maksimum üç ay müddətinə forumda müzakirəyə açıq olacaq, sonda təsdiqlənmiş olanlar onayn lüğətə əlavə olunacaq. Təsdiq edilməyənlər, ortaq məxrəcə gəlinməsi çətin olan azsaylı sözlər daha uzun müddət qala bilərlər.
Nəşr edilmiş sözlər və məqalələr
“Proloq” layihəsi açıq mənbədir və “Creative Commons” lisenziyasına uyğun olaraq hər zaman pulsuz olacaqdır. Bu mənada saytda olan bütün tərcümələr və məqalələr şəxsi istifadəyə açıqdır. Lakin layihə rəhbərlərinin təsdiqi olmadan saytdakı məqalələrin olduğu kimi köçürülərək kommersiya məqsədi ilə istifadə edilməsi qadağandır (https://creativecommons.org/faq/).
Sözlərə azərbaycanca izah əlavə etmək istədikdə sözlərin aşağısındakı formdan istifadə etməyiniz xahiş olunur. Həmin forma ancaq sadə mətni götürsə də, sözlərə izah əlavə edilən hissənin arxa üzü (backend) Latex formatındadır. Belə ki, düstürları, yunan hərflərini və s. Latex formatında yaza bilərsiniz. Sayta əlavə edildikdə onlar doğru formada görünəcəklər. Şəkil və ya qrafikləri də bir zip faylı formatında əlavə etməyiniz xahiş olunur. Hazırkı mərhələdə izahın çox uzun olması şərt deyil, 1-2 paraqraf da ola bilər. Sözlərə izah əlavə edən istifadəçilərin adları həmin sözün aşağısında qeyd olunacaqdır. Addan əlavə olaraq istifadəçi istəyərsə LinkedIn və ya Facebook profil linki yerləşdiriləcəkdir.
Bir çox terminlər illərdir dilimizdə işlənir və adətən biz bu sözlərə yeni tərcümələr təklif etmirik. Bildiyiniz mötəbər mənbələrin adını (kitab və ya məqaləni) əlavə etməyiniz kömək olacaqdır. Bunun üçün hər sözün aşağısındakı formu istifadə edə bilərsiniz.
Nəşr edilmiş tərcümələrlə bağlı şərh olduqda, sözlərin aşağısındakı formdan göndərməyiniz xahiş olunur. Arqumentinizi əsaslandırmaq üçün mötəbər mənbələri qeyd etməyiniz xahiş olunur.
- https://proloq.org/forum/ bölməsi kateqoriyalardan ibarətdir.
- Sözlərin qarşısında səs, cavab və baxış sayları göstərilir. Ən son aktivlik olan sözlər ilk sırada göstərilir.
- Yeni söz təklif et düyməsi ilə uyğun kateqoriyaya söz əlavə edə bilərsiniz.
- Tərcümə ilə razısınızsa müsbət səs verə bilərsiniz. Razı deyilsənizsə mənfi səs verə bilərsiniz.
- Tərcümə ilə bağlı başqa təklifiniz varsa səhifənin aşağısında cavabınız bölməsinə daxil edə bilərsiniz.