Haqqımızda

Layihə haqqında

Proloq önsözdür. Ana dilimizdə müasir elmi-texniki ədəbiyyatın inkişafında yeni mərhələnin önsözü. Proloq layihəsinin missiyası müxtəlif tətbiqi elmi-texniki sahələrdə ortaya çıxan müasir terminologiyanı ana dilimizə dayanıqlı, tutarlı və praqmatik şəkildə qazandırmaq, habelə lüğətimizdə mövcud olan digər fundamental terminlərlə vəhdətinə nail olmaqdır. Tərcümə olunmuş terminlərin məna və istifadə kontekslərinin müxtəlif sahələrdə çalışan peşəkarlar, elm adamları və ümumiyyətlə geniş auditoriya tərəfindən doğru anlaşılması və ana dilimizdə keyfiyyətli elmi-texniki yazılarda, məqalələrdə, kitablarda istifadəsinin artırılması gələcək üçün baxışımızdır.

Bu layihə beta versiyadadır və davamlı olaraq inkişaf etdiriləcək. Növbəti mərhələlərdə hər bir terminin izahı əlavə olunacaqdır. Eləcə də, tək texniki deyil, həm də humanitar sahəyə aid terminləri də əlavə etməyə çalışacağıq. Proloq könüllü layihədir; heç bir gəlir məqsədi güdmür. Layihə daim açıq mənbə kimi Azərbaycanın elm, sənaye insanlarının və tələbələrinin, tərcüməçilərinin, bir sözlə ehtiyacı olan hər kəsin müraciət edəcəyi qaynaq olacaq.

Əgər siz də bu layihəyə könüllü olaraq dəstək olmaq istəyirsinizsə, zəhmət olmazsa bizimlə e-poçt vasitəsilə əlaqə saxlayın (info[at]proloq.org).

Növbəti addımda sənaye mühəndisliyi və bəzi statistika terminləri müzakirəyə çıxarılacaq. Daha sonra digər sahələrin terminləri ilə davam edəcək. Əgər siz də öz sahənizə dair terminləri müzakirəyə çıxarmaq istəyirsinizsə, məmnuniyyətlə köməklik göstərərik.

Proloq açıq mənbə layihədir və töhfə verən hər kəsin adları əlifba sırası ilə qeyd olunacaqdır. Fəal iştirakçıların adları isə fərqləndiriləcəkdir.

Menyu